Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. Dövlət başçımız Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Ali Baş Komandan informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başlanıldı və ictimaiyyət qarşısında bu açıqlandı. Sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik. Müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atıram bilirik. İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Bununla belə, həmin yerdəki vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduq və bu, bizim legitim hüququmuzdur. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Ali Baş Komandanımız öz çıxışında müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik. Böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Erməni icmasına gəlincə, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik.Müsahibədən sonra Prezident Cənab İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə ətraflı məlumat verib.
Nizam Əliyev,
Xocalı rayonundan məcburi köçkün Xocalı rayon ziyalısı